Pandemiya dövründə hansı təhsil müəssisəsi valideynlərə təhsilhaqqı məsələsində güzəşt tətbiq edib?
Koronavirus pandemiyası ilə əlaqədar ötən ilin mart ayından ölkədə tədris prosesində fasilələr yaranıb. Hazırda dərslər epidemioloji vəziyyətə uyğun olaraq həm distant, həm də əyani formada aparılır. Övladları özəl orta məktəblərdə təhsil alan valideynlər isə mövcud şəraitlə bağlı təhsil haqlarında müəyyən güzəştlərin tətbiq edilməsini istəyirlər. Onların fikrincə, pandemiya müddətində məktəblər kommunal, icarə və digər xərclərdən azad olduğundan valideynlərə təhsilhaqqı məsələsində güzəşt edilməlidir.
Qeyd edək ki, Azərbaycanda özəl orta təhsil müəssisələrində illik ödənişlər əksər ali məktəblərin təhsil haqqından qat-qat yüksəkdir. Belə ki, ölkəmizdə özəl təhsil müəssisələrində ən aşağı qiymət 2000 manatdan başlayır. Bu qiymətə yalnız təhsil daxildir, geyim və servis xidmətinin qiyməti ayrıca hesablanır. Təbii ki, bu özəl sektorda ən aşağı qiymət hesab olunur. Çünki Azərbaycada illik təhsilhaqqı az qala Harvard Universitetinin təhsil haqqı səviyyəsində olan orta məktəblər də var. Məsələn, Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”) məktəbində təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir. 1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.Və yaxud hazırda 600-ə yaxın şagirdin təhsil aldığı Baku Oxford School tam orta ümumtəhsil məktəbinin illik təhsil haqqı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir. Digər təhsil müəssisələrindəki qiymətlərə nəzər salaq:
ABC – Azərbaijan British College
İbtidai təhsil– 15 400 AZN
Orta təhsil– 16 400 AZN
Müasir Təhsil Kompleksi
Azərbaycan bölməsi- 12 000 AZN
Xarici bölmə- 16 000 AZN
“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi
Azərbaycan bölməsi – 8000 AZN
Rus bölməsi- 10 000 AZN
İngilis dili- 12 000 AZN
Sabis Sun İnternational School
İbtidai təhsil-11 500 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 460 Azn, məktəbli geyimi üçün isə 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız)
Orta təhsil-11 900 (əlavə olaraq, transfer üçün 775 AZN, Dərslik 930 Azn, məktəbli geyimi 400-500 AZN, qeydiyyat üçün isə 1250 AZN ödəniş etməli olcaqsınız)
Avropa Azərbaycan Məktəbi
Məktəbəqədər hazırlıq – 7900 AZN
1-4-cü siniflər- 9950 AZN
5-9-cu siniflər– 12 000 AZN
10-11 siniflər- 14 000 AZN
Xəzər Universitetinin “Dünya məktəbi”
Azərbaycan, Rus bölmələri üçün
1-9-cu siniflər- 7500 AZN
8-ci sinif- 8000 AZN
9-11-ci siniflər- 8500 AZN
İngilis dili bölməsi üçün
1-4-cü siniflər- 9500 AZN
5-9-cu siniflər- 11 000 AZN
İB Diplom Proqramı X-XI siniflər
Dünya məktəbinin şagirdləri üçün – 12 000 AZN
Digər məktəbin şagirdləri üçün – 14 000 AZN
Oxbridge Academy
1-6 sinif- 6 500 USD
7-9 sinif – 7 800 USD
10-11sinif– 9100 USD
12-13 sinif – 11 700 USD
Yeri gəlmişkən, pandemiya dövründə valideynlərə təhsilhaqqı məsələsində güzəşt edilib-edilmədiyi barədə hafta.az olaraq özəl umumi təhsil müəssisələri arasında sorğu da keçirdik. Lakin təəssüflər olsun ki, Avropa Azərbaycan Məktəbi istisna olmaqla, digər təhsil müəssisələri müəyyən bəhanələr gətirməklə sorğumuzda iştirak etməkdən imtina etdilər. Avropa Azərbaycan Məktəbindən isə bildirdilər ki, pandemiya dövründə validenylərə təhsilhaqqında müvafiq olaraq 20,15, 10 faiz güzəşt ediblər: “Məktəbəqədər təhsildə 20, 1-4-cü siniflərdə 15, 5-11-ci siniflərdə isə 10 faiz güzəşt tətbiq olunub. Biz eyni zamanda, “YAŞAT” Fondu ilə bərabər işləyirik. Yəni, həssas qrupdan olan ailələrin uşaqlarına təhsilhaqqı məsələsində əhəmiyyətli güzəşt edilir”.
Bəs, görəsən, pandemiya dövründə Təhsil Nazirliyi özəl orta məktəblərə təhsil haqqı məsələsində güzəşt və ya endirim edilməsi ilə bağlı hansısa tövsiyyələr veribmi? Nazirliyə bu məsələdə dəstək göstərilməsi üçün valideynlər tərəfindən müraciət edilibmi? Ümumiyyətlə, Təhsil Nazirliyinin bu məsələyə müdaxilə etmək səlahiyyəti varmı?
Mövzu ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir: “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndinə görə Nazirlik məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir və icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir. Eyni zamanda sözügedən Əsasnamənin 9.5-ci bəndinə əsasən Nazirlik “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət edir. Eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü və 40.4-cü maddələrinə görə özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil prоqramlarına uyğun olaraq sərbəst müəyyən edir və özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir”.
Nazirlikdən vurğulanıb ki, sözügedən quruma vətəndaşlar tərəfindən əsasən valideynlərin təhsil haqqlarını ödəyə bilmədiyi üçün özəl ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən şagirdlərin təhsil sənədlərinin verilməməsi barədə müraciətlər daxil olur: “Bu kimi hallar müəyyən edildiyi zaman Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra mövcud qanunvericiliyə əsasən şagirdlərin dövlət ümumi təhsil müəssisələrinə yerləşdirilməsi təmin edilir”.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ötən ilin mart ayından pandemiya ilə əlaqədar bütün təhsil müəssisələrində tədris sistemi distant formada həyata keçirildi: “Bu zaman istər dövlət, istərsə də özəl təhsil müəssisələri tədrisin davamlılığını gözləmək üçün müxtəlif tətbiqi proqramlardan istifadə etməyə başladılar. Bu isə öz növbəsində narazılıqla qarşılandı.Tədricən Təhsil Nazirliyi teledərslər vasitəsilə vəziyyətdən çıxış yolunu tapdı. Ardınca isə “Microsoft Times” platforması ilə dərslərin tədrisinə başlandı. Amma çox təəssüf ki, bu platforma, eləcə də digər tətbiqlər tam əhatəliliyi təmin etmədi. Xüsusilə nəzərə alsaq ki, respublikamızın ayrı-ayrı ucqar bölgələrində internet imkanları bərabər səviyyədə deyil, hətta deyərdim ki, tam təminat yoxdur. Belə olan halda təhsilin əlçatanlığından təbii ki, söhbət gedə bilməz”.
Ekspert bildirib ki, özəl təhsil müəssisələrində təhsilhaqqına güzəşt edilməməsi ilə bağlı onlara da çoxsaylı müraciətlər daxil olur: “Bizə daha çox bağçalar və ibtidai təhsillə bağlı müraciətlər var. Təəssüflər olsun ki, özəl təhsil müəssisələri bu məsələdə güzəştə getmək istəmirlər. Düzdür, əyani tədris tədricən bərpa olunmağa başlayıb. Amma nəzərə almaq lazımdır ki, əksər iş yerləri hələ də bağlıdır və fəaliyyətləri bərpa olunmayıb. Buna baxmayaraq özəl məktəblər şagird və tələbələri sıxışdırmaqla ödənişlərini tələb edirdilər. Təəssüflər olsun ki, onlar özləri də əlverişli olmayan durumda verdikləri təhsilin keyfiyyət göstəricisinin aşağı olmasının fərqinə varmadan güzəştlər etmirlər. Hesab edirəm ki, güzəşt olunmadığı halda valideynlər övladlarını özəl təhsil müəssisələrindən çıxarmalıdır. Çünki əhalinin uzun müddət karantin rejimində qalması sosial durumu çətinləşdirib. Məhz bunlar nəzərə almaqla təhsilhaqqından endirim edilməlidir. Təklif edirəm ki, özəl təhsil müəssisələri bunları nəzərə alsınlar. Valideynlər də güzəşt olunmadığı halda övladlarını dövlət təhsil müəssisələrinə yönləndirsinlər. Özəl təhsil müəssisələri nəzərə almalıdır ki, onlar məhz öz şagirdlərinin hesabına inkişaf edirlər və bu durumda kompromisə getmək vacibdir. Bu məsələyə Təhsil Nazirliyi də müdaxilə etməlidir. Düzdür, özəl təhsil müəssisələri ayrıca sahibkarlıq subyektidir və nazirlik ancaq onların fəaliyyəti üçün lisenziya verir. Lakin düşünürəm ki, bununla bağlı müvafiq normativ sənədlər yenidən işlənilməlidir və nazirliyin bu kimi məsələlərə müdaxilə etmək imkanı olmalıdır”.